Hörmətli gənc məsləkdaşlarım!

Gənc mütəxəssislər daim Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin diqqət mərkəzindədir. Cəmiyyətin sədri Akad. Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, prof. Elmar Qasımov ölkəmizdə gənc oftalmoloqların peşəkar inkişafına mütəmadi olaraq dəstək verir, gənc oftalmoloqların dünya standartlarına cavab verə bilən mütəxəssislər kimi formalaşması üçün şəraitin yaradılmasını, gənclərin nəzəri və klinik biliklərinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır.

24-25 noyabr 2023-cü il tarixlərində Akademik Z. Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş XV Azərbaycan Gənc Oftalmoloqlar Konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu keçirildi. Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) Gənc Oftalmoloqlar Komitəsi tərəfindən keçirilən və iki gün davam edən, həmçinin iki böyük tədbiri birləşdirən “GOK-2023” Bakı şəhərində, Akademik Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzində baş tutdu. Bu il ilk dəfə olaraq konfransın bütün məsələləri məhz gənclərin özləri tərəfindən idarə olundu.

24 noyabr tarixdə konfransın rəsmi açılışı oldu. Açılış zamanı AOC Gənc Oftalmoloqlar komitəsinin koordinatoru Dr. Emin Əlihüseynli komitənin təsis edilməsi, gənclərin komitənin işinə cəlb edilməsi, həmçinin gələcək planlar barədə iştirakçılara məlumat verdi. Sonra AOC Gənc Oftalmoloqlar Komitəsinin sədri olaraq mən açılış nitqi ilə çıxış etdim. Açılış mərasimində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri Prof. Elmar Qasımova “Gənc Oftalmoloqların Dostu” fəxri adının kuboku və diplomu təqdim edildi. “Gənc Oftalmoloqların Dostu” fəxri adı ildə bir dəfə ölkəmizdə gənc oftalmoloqların inkişafına xüsusi diqqət və dəstək göstərilmiş şəxslərə təqdim edilir.

Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu XV Azərbaycan Gənc Oftalmoloqlar Konfransından sonra, 25 noyabr 2023-cü il tarixdə, günün ikinci yarısı keçirildi. İlk dəfə belə formatda təşkil edilən tədbirin əsas məqsədi gənc mütəxəssislərin qarşılaşdığı problemləri dinləmək, beynəlxalq oftalmoloji aləmdə gənclərin professional inkişafına yönəlmiş faydalı resursları onların diqqətinə çatdırmaq, praktik oftalmologiyada kövrək addımlarını atan gənc oftalmoloqlara bu sahədə artıq sözünü demiş, müəyyən bilik və təcrübəyə malik mütəxəssislərlə fikir mübadiləsini həyata keçirmək üçün şəraitin yaradılmasından ibarət idi.

GO üzvlüyünə müraciət etmək üçün yaşınız 39-dan yuxarı olmamalıdır.

AOC GO komitəsinin rəhbərliyi ilə tanış olmaq üçün linkə tıklayın.

AOC GO üzvlüyünə qeydiyyat üçün linkə tıklayın.


Hörmətlə, t.ü.f.d. Dr. Mirana Mirişova 

AOC GO sədri və XV Azərbaycan Gənc Oftalmoloqlar Konfransının təşkilat komitəsinin sədri.